Vətən müharibəsi şəhidi Əhmədov Nicat Həsən oğlu bizə qələbə sevincini, qürurunu yaşadan, adını Şanlı Zəfər tarixinə qızıl hərflərlə yazan qəhrəman Vətən oğullarından biridir. Bu gün şəhidimizin cənnətdə ikinci mövlüdudur.
Şəhidimizin doğum günündə Xocalı rayon İcra Hakimiyyəti Başçısı Aparatının təşkilatçılığı ilə Xocalı rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Murad Hüseynov, Xocalı şəhər 2 nömrəli uşaq musiqi məktəbinin və Xocalı şəhər 2 saylı tam orta məktəbinin bir qrup pedaqoji kollektivi və şagirdləri, şədimizin ailə üzvləri ilə birlikdə Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Əhmədov Nicat Həsən oğlunun məzarını ziyarət ediblər. Şəhidimizin məzarı üstünə güllər düzülüb, ruhuna dualar oxunub. Çıxış edən natiqlər Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbədən və şəhidimizin döyüş yolundan danşıblar. Məktəblilər şəhidlərimizə həsr edilmiş şeirlər söyləyiblər.
Qeyd edək ki, Əhmədov Nicat Həsən oğlu 1998-ci il sentyabrın 22-si Bakı şəhəri Xətai rayonunda anadan
olmuşdur. Onun ailəsi 1989-cu ildə Xankəndindən Bakıya köçübdür. Nicat ilk təhsilini 2005-ci ildə Nizami rayonu 62 nömrəli məktəbdə almış, daha sonra təhsilini Nizami rayonu Y.Kavalyov adına 229 nömrəli tam orta məktəbdə davam etdirmişdir. 2016-cı ildə orta məktəbi bitirərək 508 balla Bakı Dövlət
Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin Dövlət və İctimai münasibətlər ixtisasına qəbul olmuşdur. İxtisasca diplomat idi.
Nicat Əhmədov universiteti bitirdikdən sonra 2020-ci il iyulun 24-ü Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən “N” saylı hərbi hissəyə yola düşdü. O, əsgərlikdə rabitə bölüyündə baş xətlərə nəzarətçi vəzifəsini daşıyırdı.
Oktyabrın 8-i səhər saatlarında Nicat Əhmədov Füzuli, Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.
Nicat Həsən oğlu Əhmədov Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
22 illik qısa ömür yoluna böyük qəhrəmanlıq səlnaməsini sığdıran Nicatın əziz xatirəsi əbədi olaraq qəlbimizdə və tariximizdə yaşayacaq! Məkanı cənnət, ruhu şad olsun.